CƏMİYYƏT
TƏRTƏRDƏ “DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Tərtər, 27 avqust (AZƏRTAC). Tərtərdə “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar-treninq keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov “Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması”, DQİDK-in baş məsləhətçisi Nahid Məmmədov “Dövlət-din münasibətlərində Azərbaycan modeli” mövzularında məruzələr etmişlər.
DQİDK-in Qarabağ şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon mədəniyyət şöbəsinin müdiri Telman Məmmədov, təhsil şöbəsi müdirinin müavini Ağa Ələsgərov, cümə məscidinin axundu Sadiq Cəfərov və başqaları məruzə ətrafında çıxış etmişlər. Dövlət-din siyasətinin həyata keçirilməsi, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli mənəvi dəyərlərin, ölkədə tolerantlıq mühitinin qorunub saxlanması, Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və s. məsələlər əsas müzakirə mövzusu olmuşdur.
Seminar-treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.