Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır
Tərtər, 1 may, AZƏRTAC
Aprelin 30-da axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.
Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində fərdi təsərrüfatlara, taxıl, arpa, yonca və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.
Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də ziyan dəyib.