Tərtərdə tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə ərzaq yardımı aksiyası davam etdirilir
Tərtər, 19 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının təşkilatçılığı, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 1354 nəfər olmaqla, 1254-dən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanıb.
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulan əslən Tərtər rayonundan olan, hazırda Ukraynada yaşayan iş adamı Muxtar Orucov öz vəsaiti hesabına rayonda yaşayan 360 aztəminatlı ailəyə maddi yardım göndərib. YAP rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllülərinin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara ərzaq bağlamaları paylanıb. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılıb.
Rayonda tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində işlər davam etdirilir.