Tərtərdə Vətən müharibəsində xidmətləri olan idarə və müəssisə əməkdaşları ilə görüş keçirilib
Tərtər, 31 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Vətən müharibəsində xidmətləri olan idarə, müəssisə kollektivləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlərdə Tərtər Rayon Polis Şöbəsinin, Hərbi Prokurorluğun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon mərkəzi xəstəxanasının, Elektrik Şəbəkəsinin, Regional Qaz İstismar İdarəsinin Tərtər xidmət sahəsinin, Su-kanal İdarəsinin, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin rayon bölməsinin, 42 və 54 saylı Yol İstismarı MMC-nin kollektivləri Vətən müharibəsində qələbənin qazanılmasında göstərdikləri xidmətlərə görə fəxri fərmanla təltif ediliblər.
Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Təqvimə daha bir bayram - Zəfər günü əlavə olundu. Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşdü. Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin güc, qüvvəsini, döyüş ruhunu nümayiş etdirdi. Vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıları birlik,həmrəylik nümayiş etdirdi, Azərbaycana qarşı məkrli təxribatlara tutarlı cavablar verdilər. Azərbaycan həm döyüşlərdə, həm informasiya müharibəsində qalib oldu.
Diqqətə çatdırılıb ki, 44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlər dağıldı, hərbi və mülki şəhidlər oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Tərtərlilər işğaldan azad edilən torpaqlarımızın bərpa olunmasında Azərbaycanın daha da güclənməsi, çiçəklənməsi naminə bundan sonra da daha əzmlə çalışacaq, dövlət-xalq birliyi nümayiş etdirəcək.