“TEXNİKABANK”IN BÖLGƏLƏRİN İNKİŞAFINA DAHA BİR TÖHFƏSİ
Filialın açılışı münasibətilə keçirilən mərasimdə rayonun rəhbərləri, müxtəlif bankların nümayəndələri, yerli sahibkarlar iştirak etmişlər.
“TexnikaBank”ın sədri Samir Hüseynov demişdir ki, regional filialların binalarının tikintisi və texniki avadanlıqla təchizatı təxminən 400 min ABŞ dollarına başa gəlir. Hər bir filialda orta hesabla 20 əməkdaş çalışır. Həmin əməkdaşlar əvvəlcə bankın baş ofisində məşğələ keçir və imtahan verirlər. Üç rayonu əhatə edəcək Zaqatala filialı əhaliyə hər növ bank xidməti göstərəcəkdir.
Bankımız yerlərdə bu cür filialları regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələblərinə uyğun olaraq açır və kredit ayırarkən yeni iş yerləri yaradan sahibkarlara üstünlük verir.
“TexnikaBank” Azərbaycanın nüfuzlu 5 bankından biridir. Birincilər sırasında ipoteka kreditləri verən bank beynəlxalq “Ekspress ölkə” pulköçürmələri sisteminə Azərbaycanda hamıdan əvvəl qoşulmuşdur. Bu sistemin üstünlüyü pul köçürmələrinin ucuz başa gəlməsidir. “Ekspress ölkə” sistemi ilə pul köçürərkən məbləğdən asılı olmayaraq, cəmi 1,5 faiz rüsum ödənilir.
“Ekspress ölkə” “TexnikaBank”ın qoşulduğu yeddinci beynəlxalq pulköçürmə sistemidir. Bundan əvvəl bank “Western Union”, “Contact”, “Migom”, “VMT”, “Diamond” və “Privat Money” sistemlərinə qoşulmuşdur.