Texniki baxışa və yoxlamaya əngəl olan abonentlərin qazı kəsiləcək
Bakı, 28 aprel, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışıb. Bildirib ki, hər qrupda 20-25 nəfər olmaqla ümumilikdə 9 regionda təlimlərə start verilib.
“Vətəndaşların təhlükəsizliyinə hesablanan texniki müayinələrin həyata keçirilməsində süni əngəllər törədən abonentlərə 5 iş günü ərzində vaxt veriləcək ki, növbəti texniki müayinənin həyata keçirilməsinə şərait yaratsınlar. Əks təqdirdə, həmin abonentlərin qaz təchizatı dayandırılacaq”, - İlkin Behbudov qeyd edib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev geridə qoyduğumuz bayram günlərində Birliyin 104/185 Çağrı Mərkəzində yaşanan qısamüddətli fasilələrlə bağlı sosial şəbəkələrdə yayılan neqativ şərhlərə aydınlıq gətirib. Şöbə rəisi vurğulayıb ki, Birliyin həyata keçirdiyi tədbirlər öncədən müxtəlif media vasitələri ilə yanaşı, həm də internet resursları vasitəsilə vətəndaşların diqqətinə çatdırılır.
Həmçinin Eldəniz Vəliyev abonentlər qaz təchizatında problemlə üzləşməsinlər deyə, yaranacaq fasilələrin vaxtlarının müxtəlif təhlillərin nəticəsində dəqiqləşdirilərək təyin edildiyini bildirib.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.