Tibetlilərin müqəddəs gölü – Yamdrok - REPORTAJ
Bakı, 20 sentyabr, AZƏRTAC
Dəniz səviyyəsindən orta hesabla 4 min metr yüksəkdə yerləşən və “Dünyanın tavanı” hesab olunan Tibet zəngin su ehtiyatlarına malikdir. Nəinki Çin ərazisində, hətta qonşu ölkələrdən axan bir çox iri çayın, o cümlədən Yantzı, Sarı, Brahmaputra, Qanq, Mekonqun mənbəyi Tibet yaylasındadır. Dünya əhalisinin 46 faizinin həyatı mənbəyini Tibetdən götürən çayların suyundan asılıdır.
Tibetdə həm də xeyli sayda göl də var. Tibetlilerin 4 müqəddəs gölündən biri olan Yamdrok dəniz səviyyəsindən 4441 metr yüksəkdə yerləşir. Digər adı Yamco Yumtso olan göldə, onun 21 adasında və əfrafında yalnız burada rast gəlinən nadir heyvanlar, quşlar, balıqlar yaşayır. Uzunluğu 72 kilometr olan gölün maksimum dərinliyi 90 metr, orta dərinliyi 60 metr, səthinin sahəsi 638 kvadratkilometrdir. Başı qarlı dağlarla əhatə olunan, suyu firuzə rəngində olan Yamdrok gölünün gözoxşayan mənzərəsi var. Tibetdə dağlar kimi, göllər də müqəddəs hesab olunur. Bu səbəbdən tibetlilər Yamdrok gölünü ziyarət etməyi özlərinə borc bilirlər. Bunun üçün tibetlilər dəniz səviyyəsindən 4500 metr yüksəkliyə qalxmağı belə göz önünə alırlar. Tibet mifologiyasina görə əgər Yamdrok gölünün suyu quruyarsa, onda Tibetdə həyat dayanar.
AZƏRTAC-ın xüsusi müxbiri Şahin Cəfərovun Çinin Tibet Muxtar Rayonundakı Yamdrok gölündən hazırladığı fotoreportajı təqdim edirik.