“TİBO – 2015” forumunda Azərbaycan nümayəndə heyətinin iştirakı məsələləri müzakirə olunur
Bakı, 3 aprel, Laçın Sultanova, AZƏRTAC
Aprelin 22-25-də Minskdə keçiriləcək telekommunikasiyalar, informasiya və bank texnologiyaları üzrə “TİBO-2015” Beynəlxalq ixtisaslaşdırılmış forumda Azərbaycan nümayəndə heyətinin iştirakı məsələsi müzakirə edilib.
Belarusun Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu məsələlər martın 30-dan aprelin 2-dək Azərbaycanda işgüzar səfərdə olan Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun apardığı danışıqlar zamanı müzakirə edilib.
Belarus nümayəndə heyətində informasiya-telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan iri şirkət və müəssisələrin - “Beltekom” Respublika Unitar Müəssisəsinin, «ПРОМСВЯЗЬ» Açıq Səhmdar Cəmiyyətinin, «Гипросвязь» ASC-nin, İnformasiyanın Texniki Müdafiəsi Elmi-Tədqiqat İnstitutunun, «ПРОМСВЯЗЬ» Müştərək Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərləri təmsil olunub.
Səfirlikdən xatırladıblar ki, səfər zamanı Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, rabitə və kommunikasiyalar sahəsində ixtisaslaşan “Caspian Telecom”, “Aztelekom”, “Azərkosmos” şirkətlərinin, Bakı Telefon Rabitəsi müştərək müəssisəsinin, habelə Beynəlxalq Əlaqələr və Hesablamalar Mərkəzinin rəhbərliyi ilə görüşlər olub. Sergey Popkov Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb.
Görüşlərdə tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının doqquzuncu iclasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş əməkdaşlıq haqqında razılaşmaların yerinə yetirilməsi üzrə gələcək addımlarını müzakirə ediblər.
Görüşlərdə iki ölkənin elektrik rabitəsi operatorları arasında standartlaşdırma, rəqəmsal televiziyaya keçid, elektrik rabitəsi şəbəkələrinin, telekommunikasiya avadanlığının modernləşdirilməsi, informasiyanın müdafiəsi və digər aktual məsələlər üzrə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın genişləndirilməsinin yeni istiqamətləri tapılıb.