TİCARƏT MƏRKƏZİ İŞSİZLİYİN ARADAN QALDIRILMASINA KÖMƏK EDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da Yardımlıda yeni açılan Ticarət mərkəzi ilə də tanış olmuşdur.
Qəsəbənin “Yeni Yardımlı” yaşayış massivində yerləşən Ticarət mərkəzinin inşasına bu il iyunun 20-də başlanmış və tez bir vaxtda istifadəyə verilmişdir. Ticarət mərkəzi sənaye malları, tikinti materialları, ət məhsulları satışı, çörək və un məmulatlarının istehsalı və satışı bölmələrindən və digər xidmət sahələrindən ibarətdir. Ticarət mərkəzində ümumilikdə 110 nəfər daimi işlə təmin olunacaqdır.
Dövlətimizin başçısı Ticarət mərkəzinin satış bölmələrinə, yardımçı sahələrə baxdı, satılan məhsulların keyfiyyəti, sakinlərin alıcılıq qabiliyyəti ilə maraqlandı.
Prezident İlham Əliyev Yardımlıda kənd təsərrüfatı ilə məşğul olan fermerə bir ədəd traktor hədiyyə etdi və gələcəkdə kəndlilərə bu cür texnikanın icarəyə veriləcəyini vurğuladı.
Kəndlilərə göstərilən diqqət və qayğıdan razılıqla danışan fermer Prezidentin siyasətinin dəstəkləndiyini söylədi və hədiyyəyə görə dərin minnətdarlığını bildirdi.