MƏDƏNİYYƏT
TOFİQ QULİYEVİN QƏBİRÜSTÜ ABİDƏSİNİN AÇILIŞI
Martin 4-də Fəxri xiyabanda Azərbaycan musiqisinin ən parlaq nümayəndələrindən biri - bəstəkar, xalq artisti Tofiq Quliyevin qəbirüstü abidəsinin açılış mərasimi olmuşdur. Mərasimdə dünya şöhrətli musiqiçi Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskaya iştirak etmişlər.
Mərasim başlanmazdan əvvəl Mstislav Rostropoviç böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məzarı üstünə gül-çiçək dəstəsi qoydu.
Sonra kamera orkestrinin ifasında Tofiq Quliyevin “Səninlə” mahnısının melodiyası səsləndi.
Mədəniyyət naziri Polad Bülbüloğlu mərasimi açaraq, Tofiq Quliyevin həyatı ilə bağlı maraqlı məqamlardan danışdı, atası - böyük Bülbülün və ailəsinin ən yaxşı dostu barədə xatirələrini söylədi.
Baş nazirin müavini Elçin Əfəndiyev görkəmli bəstəkarın yaradıcılığı, mədəniyyətimizə onun töhfəsindən danışaraq dedi ki, Azərbaycanda müasir musiqinin inkişafı Tofiq Quliyevin adı ilə bağlıdır. Milli estrada musiqisinin banisi məhz o olmuşdur.
Xalq artistləri, bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev, abidənin müəllifi, xalq rəssamı, akademik Ömər Eldarov, xalq artisti Mirzə Babayev böyük və eyni zamanda təvazökar insan haqqında xatirələrini danışdılar.
Dünya şöhrətli maestro Mstislav Rostropoviç mərasimdə çıxış edərək dedi ki, Tofiq Quliyev kimi böyük bəstəkarların ölümündən sonra onların musiqisi ikiqat qüvvəyə malik olur, çünki əsl musiqiçilərin ruhu həmişəlik bizimlə qalır. Mstislav Rostropoviç hələ bir neçə nəslin Tofiq Quliyevin musiqisi ilə boya-başa çatacağını vurğulayaraq, bildirdi ki, Bakıya bütün səfərlərində olduğu kimi, bu dəfə də öz dostunun evini - Tofiq Quliyev zəkasının nurlandırdığı evi ziyarət edəcəkdir.
Sonra Mstislav Rostropoviç və Elçin Əfəndiyev Tofiq Quliyevin abidəsi üstündən örtüyü götürdülər.
Mstislav Rostropoviç akademik Zərifə Əliyevanın, görkəmli bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin və müğənni Bülbülün məzarları üstünə də gül-çiçək dəstələri qoydu.