Tokioda Helluin bayramı qeyd olunmuşdur
Tokio, 1 noyabr (AZƏRTAC). Oktyabrın 31-də Yaponiyada Helluin bayramı qeyd olunmuşdur.
Tokioda və Yaponiyanın digər şəhərlərində bu qədim bayrama geniş hazırlıq işlərinə oktyabrın 15-də başlanılır. Hər yerdə bayramın rəmzi olan içərisi boşaldılmış, göz, burun və ağız qoyulmuş balqabaqlar düzülür, şərin rəmzi olan müxtəlif şəkillər - hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, butaforlar qoyulur. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi paltarları, maskalar satılır. Şirniyyatlar Helluinin rəmzləri şəklində qablaşdırılaraq satışa qoyulur. Bayram ərzində maksimum şənlənmək üçün hətta küknar ağacı da bəzədilir.
“Amerika Ensiklopediyası”nda deyilir ki, Helluin ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır. İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan kelt tayfalarının ili iki hissədən ibarət idi - yay və qış. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu, həm də yeni ilin başlanğıcı hesab olunurdu.
Qədim adətlərə görə, noyabrın 1-nə keçən gecə dirilərlə ölülər dünyası arasındakı sərhəd açılır və qədim xalqların əsas bayramı olan həmin gün Samheyn adlanırdı. Bütpərəst keltlər ölülərin kölgəsinin qurbanı olmamaq üçün həmin gecə heyvanların başını və dərisini geyər, evdə ocağı söndürər, öz görkəmləri ilə kabusları qorxutmağa çalışardılar.
Müasir dövrümüzdə gənclərin sevimli bayramına çevrilmiş Helluin Tokionun Şibuya, Ropponqi, Omoto-Sando və Haraguku kimi əyləncə mərkəzlərində xüsusi təmtəraqla qeyd edilir. Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə müxtəlif qorxulu paltarlar, geniş populyarlıq qazanmış anime və cizgi qəhrəmanlarının kostyumlarını geyinmiş, maskalar taxmış gənclər birlikdə əylənir, səhərə qədər şənlənirlər. Hər yerdə “Happy Hellouin!” sədaları eşidilir, insanlar bir-birlərini təbrik edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio