Tokioda son sutkada cəmi beş koronavirusa yoluxma halı qeydə alınıb
Tokio, 19 may, AZƏRTAC
Mayın 19-na olan son məlumata görə, sutka ərzində Yaponiya paytaxtında cəmi beş koronavirusa yoluxma halı qeydə alınıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, fövqəladə vəziyyət rejiminin hələ də davam etdiyi Tokioda bu 30 nəfərdən az yoluxma halının qeydə alındığı onuncu gündür. Bildirilir ki, təqribən 14 milyon əhalisi olan paytaxtda bu günədək koronavirusa yoluxanların ümumi sayı 5 mindən bir qədər çoxdur.
Mayın 21-də mərkəzi hökumətin Tokio, Osaka və daha altı prefekturada fövqəladə vəziyyət rejimini ləğv edəcəyi gözlənilir. Digər prefekturalarda həmin addım ötən həftə atılıb.
Mayın 19-da Tokio və üç qonşu prefekturanın qubernatorları arasında videokonfrans keçirilib. Vəziyyətin sabitləşdiyini qeyd edən qubernatorlar sakinləri hələ də diqqətli olmağa və sosial məsafəni gözləməyə çağırıblar.
Bununla yanaşı, ölkədə iqtisadi və sosial fəaliyyətin getdikcə bərpa olunduğu qeyd edilir. Bir çox mədəni və ictimai-iaşə obyektləri qapılarını ziyarətçilərin üzünə açıblar. Məşhur “Starbucks” kafeləri bütün Yaponiya ərazisində yerləşən 1500-dən çox obyektindən yarısını açdığını bildirib. Eyni zamanda, “Doutor” və “Tully” kimi kafelər də eyni addımı atıblar.
Bununla yanaşı, hökumət iş yerlərini itirdiklərinə görə gəlirdən məhrum olan tələbələrə təqribən 1900 dollar kompensasiya ödənəcəyini bəyan edib. Bu siyahıya əcnəbi tələbələrlə birlikdə 430 min nəfərin daxil olduğu bildirilir.
Əlavə olaraq qeyd edək ki, Yaponiyada bu günədək ümumilikdə 17104 nəfər koronavirusa yoluxub. Onlardan 12537 nəfəri sağalaraq evlərinə buraxılıb. Ümumilikdə 786 nəfərin öldüyü, 217 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio