REGİONLAR
Torpağın münbitliyini artırmaq üçün sıfır becərmə texnologiyasından istifadə edilməlidir
Bakı, 23 iyul (AZƏRTAC). Bitkiçilik məhsulları istehsalı ilə məşğul olan fermerlər yeni becərmə texnologiyalarının nailiyyətlərindən istifadə edərək məhsuldarlığı yüksəltmək, enerji resurslarına qənaət etməklə torpağın münbitliyinin qorunmasına nail ola bilərlər. Resurs mühafizəedici əkinçilik sistemi torpağın sıfır becərmə texnologiyası vasitəsilə ekologiyanın qorunmasına müsbət təsir edir.
Bu sözləri Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, torpağın şumlanması münbitliyə mənfi təsir edərək torpaqda olan üzvi maddələrin minerallaşma prosesini sürətləndirir. Yəni, biz torpağı şumlayırıq ancaq humusu itiririk. Torpaqda humusun azalması onun qida rejimini, aqrofiziki xüsusiyyətlərini pisləşdirərək onun eroziyasını sürətləndirir. Nəticədə torpaq münbitliyini itirir, becərilən bitkilərin məhsuldarlığı aşağı düşür və deqradasiya prosesi güclənir.
Torpağın şumlanmasının əsas məqsədi alaq otlarına qarşı mübarizə aparmaqla yanaşı, əkiləcək bitki toxumlarının normal cücərib inkişafı üçün toxum yatağı hazırlamaqdır.
Cavanşir Təlai deyib: “Dünya üzrə əkinçilik təcrübəsi göstərir ki, torpağın münbitliyini bərpa etmək üçün digər aqrotexniki tədbirlərlə yanaşı, əkin sahəsində bitki qalıqlarını doğrayıb saxlamaqla sıfır torpaq becərmə sistemindən istifadə edilməlidir. Bunun üçün sələf bitki yığıldıqdan sonra heç bir torpaq becərməsi aparmadan xüsusi toxum səpən maşınlardan istifadə etməklə dənli, dənli sünbüllü bitkiləri əkib becərmək olar. Bu məqsədlə Tərtər Bölgə Təcrübə Təsərrüfatında torpağın sıfır, səthi 10-12 santimetr və əsaslı 22-25 santimetr şumlama variantlarında qarğıdalı bitkisinin səpini aparılaraq bu təcrübənin bünövrəsi qoyulub. Burada bitkilərdən yüksək və keyfiyyətli məhsul alınmaqla sözügedən texnologiya iqtisadi baxımdan səmərəli olub”.