Torpaqşünaslıq və Aqrokimya İnstitutu Aqrar İnnovasiya Festivalında iştirak edib
Bakı, 15 sentyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu Mobil (Səyyar) Aqrar Laboratoriyası ilə təmsil olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Torpaqların məhsuldarlığını artırmaq, onun münbitliyini qorumaq, ekoloji təmiz məhsul əldə etmək üçün müasir elmi təcrübi biliklərə əsaslanan, əkin sahəsində birbaşa tədqiqatlar və analizlər aparmaqla vaxt itirmədən fermerə yerindəcə xidmət göstərən səyyar laboratoriya vasitəsilə torpaqda qida maddələrinin (NPK) və humusun miqdarı, torpağın aqrofiziki xassələri və qranulometrik tərkibi təyin olunur, torpaq mühitin reaksiyası (pH) müəyyən edilir, şorlaşma və şorakətləşmə prosesləri qiymətləndirilir.
Festivalda fermerlərə təlim keçirilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.