Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri koreyalı həmkarları ilə birgə tədqiqatlar aparacaqlar
Bakı, 18 may, AZƏRTAC
Seul Milli Universitetinin əməkdaşları professor Hee Myong Ro və doktor Junho Han Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında yeni anlaşma memorandumu imzalanıb.
Sənəddə tərəflər arasında torpaqşünaslıq, aqrokimya, ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində elmi əməkdaşlıq, torpağın şorlaşmasının qarşısının alınması məqsədilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması üçün proqramların hazırlanması, əməkdaşların mübadiləsi sahəsində razılıq nəzərdə tutulub.
Görüşün məqsədi 2016-cı ildə hər iki tərəf arasında imzalanmış memoranduma əsasən institutda həyata keçirilən layihə çərçivəsində Azərbaycanda şorlaşmış torpaqların tədqiqi ilə bağlı olub. Tərəflər əməkdaşlığın perspektivləri barədə müzakirələr aparıblar.