Tovuzda şahmatçı qızlar arasında rapid turniri keçirilib
Tovuz, 16 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmatçı qızlar arasında rapid turniri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin açılış mərasimində çıxışlarda bu cür idman tədbirlərinin gənclərin intellektual inkişafında, sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığı qeyd edilib. Qadın şahmatçıların uğurlarının gənc nəslə nümunə olduğu vurğulanıb.
Turnirdə Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Tərtər rayonlarından olan şahmatçı qızlar mübarizə aparıblar. Rapid turniri ümumilikdə 65 nəfər idmançı şagirdin iştirakı ilə baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qalib gələn şahmatçılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.