TOVUZDA ÜÇ AYIN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tovuz, 27 aprel (AZƏRTAC). Tovuz Rayon İcra Hakimiyyətində cari ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq cari ilin üç ayında rayonda görülən işlərdən söhbət açaraq bildirmişdir ki, hesabat dövründə 1 milyon 91 min manatlıq sənaye, 6 milyon 304 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, 231 min manat məbləğində poçt və rabitə xidməti göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 31 milyon 605 min manat təşkil etmiş, 6 milyon 902 min manat məbləğində pullu xidmətlər göstərilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatında 11,2 faiz, poçt və rabitə xidmətində 11 faiz, pərakəndə əmtəə dövriyyəsində 19 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 28 faiz artım əldə edilmişdir. Üç ayda sənaye məhsulu istehsalının həcmi sabit saxlanılmış, tikinti sahəsi istisna olmaqla digər sahələrin dinamik inkişafı təmin olunmuşdur. Rüb ərzində 150 yeni iş yeri açılmışdır.
Rayonda ötən illərdən başlanmış abadlıq-quruculuq işləri cari ilin birinci rübündə də davam etdirilmişdir. Tovuz şəhərinin bir sıra mərkəzi küçələrinin kəsişməsində müasir dizaynla ümumilikdə 18 ədəd dekorativ elektrik dayağı tikilmişdir. Tikilməkdə olan mədəniyyət və istirahət parkında 1000 kvadratmetrə yaxın cığır salınmış, suvarma sistemləri qurulmuş, 500-dən artıq ağac, 1500-dən artıq müxtəlif növ gül basdırılmışdır.
Hesabat dövründə iqtisadiyyatın və sosial sahənin inkişafına 1 milyon 620 min manat investisiya qoyulmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 68,6 faizi istehsal təyinatlıdır. Rüb ərzində bütün maliyyə mənbələri hesabına 384 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Rayonda kənd təsərrüfatının inkişafına da diqqət artırılmışdır. Cari ilin məhsulu üçün əvvəlki illə müqayisədə 4 min hektardan çox sahədə payızlıq dənlilər əkilmişdir və əkin sahəsi 12780 hektara çatdırılmışdır. Rayonda 6500 hektardan çox sahədə kartof əkilmişdir. Dağ kəndlərində kartof əkini davam edir. Rayonda daha cox gəlir gətirən üzümçülüyün inkişafı ilə yaxından məşğul olunur. Cari ildə üzüm bağlarının sahəsi 348 hektara çatdırılmışdır. Son iki ildə 150 hektar sahədə üzüm bağı salınmışdır.
Şura iclasında rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrində görülən işlərdən də söhbət açılmışdır.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.