TOVUZDA ZONA-SEMİNAR MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, martın 6-da Tovuz şəhər mədəniyyət evində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların, kəndli-fermerlərin, icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, ərazi kənd təsərrüfatı idarəsi rəhbərlərinin və mütəxəssislərinin, nazirliyin və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti rayon təşkilatlarının numayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə zona seminar- müşavirəsi keçirilmişdir.
Seminar-müşavirədə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarından irəli gələn vəzifələr müzakirə olunmuşdur.
Müşavirəni kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov açaraq, son illər respublikamızda aqrar sahənin və sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan A.Aslanov Prezidentin bölgələrə səfərlərinin əhəmiyyətini diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı aqrar sahənin inkişafında mühüm rol oynayacaqdır.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn vəzifələri şərh edən A.Aslanov demişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə sərf olunan yanacağın və motor yağlarının dəyərinin 50 faizini dövlət ödəyəcəkdir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, digər hüquqi və fiziki şəxslər isə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələri 50 faiz güzəştlə satacaqlar. Güzəştlə veriləcək yanacağın və motor yağlarının, gübrənin dəyərinin dövlət tərəfindən ödəniləcək hissəsi üçün nəzərdə tutulan vəsaitin bölgüsü ilə bu məsələyə nəzarət edən xüsusi komissiya məşğul olacaqdır.
Müşavirədə Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri çıxış edərək, dövlətimizin başçısının məlum sərəncamından və Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələrin yerlərdə icrası ilə bağlı görülən işlərdən danışmışlar.
“Aqrolizinq” ASC Tovuz regional təchizatı bazasının müdiri Azər Salmanov bildirmişdir ki, bazanın yaxın vaxtlarda yaranmasına baxmayaraq, təkcə Tovuz rayonunda sahibkarlara aqroservis xidməti göstərmək üçün lizinq yolu ilə 6 kombayn, 8 traktor, 8 kotan, bir mini traktor və 17 digər kənd təsərrüfatı texnikası alınmışdır.
Azərbaycan Prezidentinin məlum sərəncamının və Nazirlər Kabinetinin qərarının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkar tərəfindən dərin razılıq hissi ilə qarşılandığını və onları növbəti təsərrüfat ilində bol məhsul yetişdirməyə ruhlandırdığını bildirən Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Mahir Abbasov vacib sənədlərin yerlərdə icrası ilə bağlı görülən tədbirləri diqqətə çatdırmışdır.
Seminar-müşavirədə sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə unvanlanmış müraciətdə aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edilmişdir.