SİYASƏT
TOVUZLU GƏNCLƏR HƏRBİ XİDMƏTƏ HƏVƏSLƏ GEDİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən rayon hərbi komissarlığının, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri çağırışçı gənclərə hərbi xidmət dövründə Vətənə ləyaqətlə qulluq etməyi arzulayaraq, müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətin böyük şərəf olduğunu bildirmiş, onlara hərbi işin sirlərinə dərindən yiyələnməyi tövsiyə etmişlər.
Çağırışçı gənclər Vətənə sədaqətli oğul olacaqlarına, dövlətçiliyimizi göz bəbəkləri kimi qoruyacaqlarına, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olacaqlarına söz vermişlər.
Mərasim iştirakçıları gəncləri gül-çiçək dəstələri ilə yola salmışlar.