TUNİS SAMMİTİNİN YEKUNLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov forumun yekunları və öz çıxışı barədə ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, Sammitdə 200-ə yaxın ölkənin yüksək vəzifəli şəxslərinin məruzələri sırasında 64 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti başçısının çıxışı da maraqla qarşılanmışdır. Yaponiya, Misir və Dünya Poçt İttifaqının seminarlarında iştirak edən nümayəndə heyətimiz, həmçinin, “Azərbaycan günü” çərçivəsində tədbir keçirmişdir. Bu tədbirdə Azərbaycan haqqında filmlər göstərilmiş, nümayəndə heyətimizin bir sıra xarici ölkələrin məsul şəxsləri ilə ikitərəfli görüşləri təşkil olunmuşdur.
Jurnalistlərin suallarını cavablandıran Əli Abbasov qeyd etmişdir ki, informasiya-kommunikasiya texnologiyalarının qlobal inkişafı yoxsulluğun aradan qaldırılmasında, təbii fəlakətlərlə mübarizədə, xalqlar arasında dostluq münasibətlərinin qurulmasında, insan hüquqlarının qorunmasında mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını vurğulayan nazir informasiya cəmiyyəti quruculuğu sahəsində uğurların daha da artırılacağına ümidvar olduğunu diqqətə çarpdırmışdır.