Türk dünyası qardaş Türkiyəyə yardım üçün səfərbər olub
Bakı, 11 fevral, AZƏRTAC
Türk dünyası Türkiyədə güclü zəlzələ nəticəsində zərərçəkənlərə yardım göstərilməsi üçün səylərini birləşdirib. Qazaxıstan, Özbəkistan, Qırğızıstan xalqları türk qardaşlarına yardım əli uzadıblar.

AZƏRTAC bu ölkələrin KİV-lərinə istinadla xəbər verir ki, Daşkənd şəhərindəki “Texnopark” kompleksində qardaş ölkəyə göndərmək üçün humanitar yardım toplanılır. Kömək etmək istəyənlər isti geyim, un, şəkər, yağ, uşaq yeməyi və bezi, gigiyena məhsulları, isitmə cihazları, elektrik generatorları və s. gətirirlər. Özbək qadın Mohira Sultanovanın təşəbbüsü xüsusilə diqqətəlayiqdir. O, Türkiyənin zəlzələ zonasına göndərmək üçün 100-dən çox çapan (özbək milli geyimi - red) hazırlayıb. M.Sultanova qeyd edib ki, çapan xüsusi məna daşıyır və bu günlərdə Türkiyə xalqının ehtiyac duyduğu qayğı və müdafiənin rəmzidir.

Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyinin koordinasiyası ilə fəaliyyət göstərən milli könüllülər şəbəkəsi də humanitar yardım toplanılması ilə bağlı hərəkətə keçib. Qazaxıstanlılar yardım qəbulu üzrə məntəqəyə yorğan, yataq dəstləri, termoslar, əl fənərləri, şəxsi gigiyena ləvazimatları, qış paltarları və s. gətirirlər. Onlar, həmçinin Türkiyəyə qədim qazax çadırları - 100 ədəd yurt göndərəcəklər. Yardımların təşkilatçısı Nurbek Bekbay bildirib ki, yığılan 20 milyon tenqe vəsaitlə 45 yurt və məişət əşyaları alınıb. Onun sözlərinə görə, Qazaxıstan sahibkarları da yadıma qoşularaq 50-dən çox yurt alıblar.

Qırğızıstandakı Türkiyə səfirliyinin ərazisində zəlzələdən zərərçəkənlərə humanitar yardımların qəbulu məntəqəsi açılıb. Bu ölkənin Fövqəladə Hallar Nazirliyi türkiyəli diplomatlarla birlikdə humanitar yardımların təcili göndərilməsi prosesinin təşkili məqsədilə respublikanın bütün iri şəhərlərində xüsusi məntəqələr yaradıb. Qırğızıstan Daxili İşlər Nazirliyi də səfirliyin ərazisində fəaliyyət göstərən toplama məntəqəsinə 3 ton humanitar yardım göndərib.