ŞƏRH
Türk dünyasının gücü birlikdədir - ŞƏRH
Bakı, 7 noyabr, AZƏRTAC
Türk dövlətləri ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Azərbaycan burada təkcə iştirakçı qismində deyil, əsasən türk dövlətlərinin mərkəzi məkanı kimi çıxış edir. Əsas məqsəd türk xalqlarının inkişafı, konsolidasiyası və bir-birinə inteqrasiyasıdır. Əgər əvvəllər hətta bəzi siyasi məsələlərdə türk dövlətləri bir-birini dəstəkləməkdən çəkinirdilərsə, artıq yüksək səviyyədə siyasi dəstək, hərbi-texniki əməkdaşlıq, təhlükəsizlikdən danışılır. Türk dövlətləri öz xarici siyasətləri ilə bağlı hər hansı addım atarkən manevr imkanları məhdud idisə, indi bu istiqamətdə tamamilə konkret mövqe ortaya qoya bilirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Zirvə Toplantısının nəticələrini şərh edərkən siyasi şərhçi Zaur Məmmədov söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində və daha sonra apardığı xarici siyasət türk dövlətləri üçün bir mayak oldu: “Biz bilirik ki, bu gün həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya oxşar çağırışlarla üz-üzədir. Bu çağırışlar xalqların və dövlətlərin müstəqilliklərinin sıxışdırılması, azaldılmasına yönəlib. Qlobal və regional qüvvələr öz niyyətlərini həyata keçirmək istəyirlər. Amma mən düşünürəm ki, artıq bu, mümkün olmayacaq. Çünki türk dövlətləri öz potensiallarının və güclərinin nədən ibarət olduğunu başa düşürlər”.
Politoloq qeyd edib ki, Türk dünyasının gücü həmrəylikdə, birlikdədir: “Bu gün türk dövlətləri içərisində Özbəkistan və Qazaxıstan kimi ciddi demoqrafik, iqtisadi potensiala malik ölkələr var. Əlbəttə ki, Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyə dördlüyünün bir-biri ilə iqtisadi sahədə ticarət dövriyyəsinin gələcəkdə artırılması, müştərək kompaniya və korporasiyalar qurması, kommunikasiya, nəqliyyat məsələləri ilə bağlı meqa layihələr həyata keçirməsi bu dövlətlərin daha da inkişafına səbəb ola bilər. Avrasiyanın xəritəsinə baxsaq, görərik ki, orada böyük Türk dünyası var. Bu böyük Türk dünyası bir olarsa, güclü olacaq. Artıq bunu hər kəs dərk edir. Biz qardaş xalqlar olaraq bundan sonra bu addımları davamlı şəkildə edəcəyik. Bu gücü saxlamaq, daha da inkişaf etdirmək və qorumaq lazımdır”.