Türkan qəsəbə sakininin evindən marixuana, həyətyanı sahəsindən isə çətənə kolları götürülüb
Bakı, 24 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini K.Nəsirovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan 235 qramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 223 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Nəsibov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.