TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ BÜLƏNT ARINÇIN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Bülənt Arınç səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Ölkəmizə Milli Məclisin sədri Murtuz Ələsgərovun dəvəti ilə gəldiyini və burada onlara göstərilən böyük qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına təşəkkür edən dost ölkənin parlament sədri Azərbaycandan Türkiyəyə gələn qonaqların da eyni münasibətlə qarşılanacağını diqqətə çatdırmışdır. O, səfər müddətində Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Murtuz Ələsgərovla, Baş nazir Artur Rasizadə və parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini vurğulamış, həmçinin Səngəçal terminalı ilə yaxından tanış olduğunu, burada ona Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri barədə ətraflı məlumat verildiyini söyləmişdir.
TBMM-in sədri Azərbaycanda qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitini üzüntü ilə müşahidə etdiyini, eyni zamanda, Azərbaycanda Atatürk Mərkəzi, Heydər Əliyev Fondu ilə tanışlığın, incəsənət xadimləri ilə görüşünün onda böyük təəssürat yaratdığını bildirmiş, Qafqaz Universitetindəki görüşünə toxunaraq bu təhsil ocağını Azərbaycan-Türkiyə təhsil körpüsünün parlaq bir nümunəsi olduğunu diqqətə çatdırmışdır.
Hörmətli qonaq Türkiyənin son iki ildə böyük inkişaf yoluna qədəm qoyduğunu, dünya siyasətinə təsir edə biləcək bir ölkə olduğunu, Avrasiya regionunun coğrafi-siyasi və digər dəyərlər baxımından güclü ölkəsi olan Azərbaycana böyük əhəmiyyət verdiklərini nəzərə çarpdıraraq demişdir: “Avrasiya regionunun ən güclü, ən vacib ölkələrindən biri də Azərbaycandır. Bu səbəbdən qardaş Azərbaycanın gələcəyin önəmli ölkələrindən biri olacağını bilərək hərəkət etməliyik. Sürətlə inkişaf edən Türkiyənin yanında güclü Azərbaycanın olması onu daha da gücləndirəcəkdir”.
Cənab Bülənt Arınç Azərbaycandakı inkişafı sevinclə qarşıladıqlarını söyləmiş, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işləri yüksək qiymətləndirmişdir.
Türkiyə Parlamentinin sədri Azərbaycan-Türkiyə dostluğunun yüksək səviyyədə olduğunu bir daha vurğulamış və Azərbaycandan xoş hisslərlə ayrıldığını bildirmiş, azərbaycanlı həmkarı Murtuz Ələsgərovu Ankaraya səfərə dəvət etdiyini xatırlatmışdır.
TBMM-in sədri sonda jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.