TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞDUR
Fevralın 7-də Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda olmuşlar.
Fondun əməkdaşları Türkiyə parlamentinin rəhbərinə və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond və onun məqsədləri barədə məlumat verdilər.
Qonaqlar ümummilli liderimizin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla, o cümlədən həyatının ən müxtəlif anlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, türk dünyasının böyük oğluna həsr edilmiş kitablarla tanış oldular. Nadir fotolar bu dahi insanın olduqca zəngin və dəyərli həyat yolu keçdiyini bir daha təsdiqləyir. Onun şəxsən özünün istifadə etdiyi əşyalar nadir və qiymətli eksponat kimi qonaqların hər birinin diqqətini cəlb etdi.
Bülənt Arınç və nümayəndə heyətinin üzvləri müstəqil Azərbaycanın qurucusunun respublikamıza rəhbərlik etdiyi təxminən 35 illik bir dövrün zəngin fototəsvirlərinə maraqla tamaşa etdilər. Son 10 ildə irimiqyaslı layihələrlə təkcə Azərbaycanı deyil, həm də Cənubi Qafqaz regionunu dünyaya bağlayan Heydər Əliyev neft strategiyasının fotolarda əksi, Türkiyə-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində ümummilli liderimizin xidmətləri qonaqlarda xüsusi maraq oyatdı.
Türkiyə Böyük Millət Məclisinin sədri Fondla tanışlıqdan sonra fəxri qonaqlar kitabına ürək sözlərini yazdı: “Dost və qardaş Azərbaycanın qəhrəman övladı, böyük dövlət adamı Heydər Əliyev vakfını ziyarət etməkdən şərəf duyuram. Mərhuma Allahdan rəhmət, Azərbaycan xalqına əbədi mutluluq və başarılar diləyirəm”.
Fondla tanışlıq zamanı cənab Bülənt Arınçı Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev və Türkiyənin Bakıdakı səfiri Turan Moralı müşayiət edirdilər.