TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, respublikamızda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç fevralın 8-də Səngəçal terminalında olmuşdur.
Hörmətli qonağın dünya miqyaslı bu obyektə gəlişi təsadüfi deyildir. Qardaş Türkiyə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” layihəsinin beynəlxalq miqyasda fəal müdafiəçilərindən və ilk tərəfdaşlarından biri olmuşdur. “Türk Petrolları A.O” milli neft şirkəti (TPAO) Xəzər dənizinin karbohidrogen ehtiyatlarından istifadə edilməsi üzrə imzalanmış əsas beynəlxalq sazişlərin iştirakçısıdır. Şirkət “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsi layihəsinin Hasilatın Pay Bölgüsü Sazişində 6,8 faiz, “Şahdəniz”də 9 faiz, ”Araz-Alov-Şərq”də 10 faiz iştirak payına, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri layihəsində 6,53 faiz, Bakı-Tbilisi-Ərzurum marşrutu ilə əsas qaz ixrac boru kəmərinin layihəsində isə 9 faiz səhm payına malikdir.
ARDNŞ ilə Türkiyə-Azərbaycan birgə müəssisəsi - AZEN arasında “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2004-cü ilin sentyabr ayında bağlanmış saziş isə Milli Məclisin yaz sessiyasında təsdiq ediləcəkdir.
Hazırda TPAO respublikamızda bp və Statoyldan sonra ən çox işçisi olan şirkətdir. İşçi heyətinin əsas hissəsini isə yerli vətəndaşlar təşkil edir. TPAO indiyədək ölkəmizin neft sənayesində həyata keçirilən layihələrə 1,5 milyard ABŞ dollarından artıq məbləğdə sərmayə qoymuşdur. Şirkət “bp-Azərbaycan”la birlikdə Qara dənizdə ilk neft-qaz axtarışı və kəşfiyyatı layihəsində də 50 faiz+50 faiz pay bölgüsü ilə tərəfdaşlığını davam etdirir.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin təmsilçiləri qardaş ölkənin parlamentarilərinə Səngəçal terminalının tikintisi, genişləndirilməsi proqramı barədə geniş məlumat vermişlər. Qeyd olunmuşdur ki, 540 hektar sahəsi olan bu terminal bütün neft-qaz layihələrinin vahid bir obyektdə qovuşduğu yerdir, onun tikintisinə 2001-ci ilin noyabr ayından başlanmış, indiyədək heç bir qəza və ya xəsarət baş vermədən burada 18 milyon iş saatı sərf olunmuşdur ki, bu da əməyin təhlükəsizliyi sahəsində dünya rekordu sayıla biləcək bir hadisədir. Terminalda müxtəlif ölkələrdən gəlmiş 3500 nəfər çalışır, onların arasında 750 Türkiyə vətəndaşı da vardır. Burada hər birinin tutumu 880 barrel olan 3 xam neft çəninin, baş nasos stansiyasının, separatorların, hətta 1765 kilometr aralıda yerləşən Ceyhan limanında xam neftin tankerlərə vurulması prosesinin özünü də əks etdirmək imkanlarına malik ən müasir texnologiyalarla təchiz edilmiş “nəzarət otağı” - idarəetmə məntəqəsinin tikintisi, sahildən 187 kilometr aralıda yerləşən “Mərkəzi Azəri” yatağından terminala qədər sualtı neft və qaz kəmərlərinin, fiber-optik rabitə kabellərinin çəkilişi, birləşdirmə və sınaq işləri tam başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilmişdir. “Çıraq” yatağından çıxarılan neft, - gündəlik hasilat 140 min barreldən çox olmaqla, - artıq terminaldakı çənlərə vurulur.
TBMM sədrinə məlumat verilmişdir ki, görüşümüzün davam etdiyi elə bu anlarda Xəzərdəki ən zəngin ehtiyatlara malik “Mərkəzi Azəri” yatağından ilk neftin platformada alınmasına başlanmışdır. Neftin çənlərə axıdılmasına isə bir neçə gün qalmışdır. Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin 3-cü mərhələsində gündə 1 milyon barreldən artıq neftin çıxarılıb terminala nəql olunması proqnozlaşdırılır. Bu, dünyada 10 ən iri layihədən biri olacaqdır.
Cari ilin ilk rübündə 1-ci və 2-ci texnoloji emal qurğularının tikilib istifadəyə verilməsi terminalda gün ərzində 1,2 milyon barrel xam neftin saxlanmasına və texniki emalına şərait yaradacaqdır. Terminalda nəzərdə tutulmuş işlərin 70 faizdən çoxu artıq yerinə yetirilmişdir. 2008-ci ildə Səngəçal terminalı bütün dünyada çıxarılan neftin 25 faizini nəql etməklə, oxşarı olmayan mərkəzə çevriləcəkdir.
Qonağa 1765 kilometr uzunluğunda Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və 960 kilometr uzunluğunda Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin tikintisi barədə də məlumat verilmişdir.
Terminalla ətraflı tanış olan Türkiyə Böyük Millət Məclisinin sədri burada görülmüş işlərin səviyyəsindən razı qaldığını bildirmişdir.
Ölkəsinin belə irimiqyaslı layihələrin iştirakçısı olmasından qürur duyduğunu söyləyən Bülənt Arınç, BTC kəmərinin Türkiyə ərazisindən keçən hissəsində, eləcə də Ceyhan terminalında böyük işlərin görüldüyünü diqqətə çatdırmışdır. O demişdir ki, Türkiyədə Bakı-Tbilisi-Ceyhan kəməri ilə ilk neftin Ceyhan limanına çatacağı və oradan da dünya bazarlarına çıxarılacağı günü səbirsizliklə gözləyirlər.
Burada gördüklərinə və mehriban qarşılandığına görə minnətdarlıq edən Bülənt Arınç ölkəsinin Xəzər regionunda həyata keçirilən neft layihələrində bundan sonra da fəal iştirak edəcəyini vurğulamışdır.
Sonra bp şirkəti adından TBMM sədrinə və TBMM adından bp şirkətinə hədiyyələr verildi, xatirə şəkilləri çəkildi.
Səngəçal terminalı ilə tanışlıq səfərində Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçı nümayəndə heyətinin üzvləri, qardaş ölkənin Azərbaycandakı səfiri Turan Moralı müşayiət etmişdir.