Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bakı, 19 iyul, AZƏRTAC
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanan Anlaşma Memorandumuna uyğun olaraq, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində fəaliyyət davam etdirilir.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə səfərdə olan TİHEK nümayəndə heyəti Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri ilə birlikdə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə təşkil olunan baxışda iştirak edib.
Mərkəzin iş rejimi ilə tanış olmaq üçün yaşayış otaqlarına, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin istifadə etdiyi digər tikililərə baxış keçirilib, müəssisə rəhbərliyi, tibb məntəqəsinin həkimi və saxlanılanlarla söhbətlər aparılıb.
Nümayəndə heyətinin üzvləri miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və Ombudsman təsisatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıb. Qonaqlara, həmçinin müvəkkil tərəfindən miqrantların dövlətdaxili və beynəlxalq müstəvidə hüquqlarının müdafiəsi, əcnəbilərin vətənə qayıtmaları və digər istiqamətlərdə görülən işlər barədə ətraflı məlumat verilib, onlara Azərbaycan ombudsmanının Milli Preventiv Mexanizm qismində həyata keçirdiyi fəaliyyətlə yaxından tanış olmaq imkanı yaradılıb.
Baxış çərçivəsində fikir və təcrübə mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.