TÜRKİYƏ PARLAMENTİNİN PAYIZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Parlamentin ilk iclasına ölkədəki siyasi partiyaların sədrləri, Silahlı Qüvvələr Baş Qərargahının üzvləri, ictimai təşkilatların nümayəndələri və Ankarada akkreditə olunan xarici səfirlik və nümayəndəliklərin başçıları dəvət olunmuşlar.
İclası TBMM-in sədri Bülənt Arınç açaraq bildirmişdir ki, Türkiyə Avropa İttifaqının bütün şərtlərinə əməl etmişdir. İndi Avropa İttifaqı qərar verməlidir.
Oktyabrın 3-də Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə əlaqədar müzakirələr başlamadığı halda bu beynəlxalq qurum barədə ölkədə şübhələr yaranacaq və alternativ yollar axtarmağa başlanılacaqdır.
İclasda Türkiyənin Prezidenti Əhməd Necdət Sezər nitq söyləmişdir. O, Türkiyə-Avropa İttifaqı münasibətlərinə xüsusi diqqət yetirmişdir. Prezidentin nitqinin müəyyən hissəsi Türkiyənin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə həsr olunmuşdur. Prezident bildirmişdir ki, Türkiyə bundan sonra da qardaş ölkə olan Azərbaycanın tərəqqisinə və inkişafına yardım və dəstəyini davam etdirəcəkdir. Əhməd Necdət Sezər demişdir ki, Ermənistan qonşuları ilə münasibətində beynəlxalq hüququn əsas müddəalarını və mehriban qonşuluq normalarını pozur. Bunun üçün də bu ölkə ilə əlaqələrin qurulması əngəllənir. Prezident demişdir: “Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində meydana gələn Dağlıq Qarabağ probleminin həll edilməsi vaxtı çatmışdır. Minsk prosesinə dəyərli töhfələr verən Türkiyə, Azərbaycan ilə Ermənistan arasında birbaşa və dolayı danışıqların münaqişənin sülh yolu ilə həllinə yönəldiyinə inanaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ probleminin hər iki tərəfin qəbul edəcəyi nəticəyə də dəstək verməyə hazırdır”.
Əhməd Necdət Sezər, həmçinin bildirmişdir ki, Azərbaycan nefti ilə bərabər Qazaxıstan neftinin də dünyaya nəqlini təmin edəcək Bakı-Tbilisi-Ceyhan neft kəməri may ayında bizim iştirakımızla keçirilən təntənəli mərasimlə açılmışdır. Ceyhanda ilk tankerin doldurulmasının da qısa zamanda həyata keçməsi planlaşdırılır. Şərq-Qərb energetika dəhlizi çərçivəsində digər əhəmiyyətli layihə olan Bakı-Tbilisi–Ərzurum təbii qaz kəməri də 2006-cı ilin sonuna qədər həyata keçiriləcəkdir. Bu layihə də Avropa İttifaqının müxtəlif enerji resurslarından istifadə srategiyasına böyük töhfə olacaqdır.
Prezident Əhməd Necdət Sezərin nitqində Azərbaycan ilə həm siyasi, həm də iqtisadi sahələrdəki əməkdaşlığın xüsusi vurğulanması Ankaradakı xarici diplomatların da diqqətini cəlb etmişdir.