Türkiyə Prezidentinin Şuşaya səfəri Özbəkistan KİV-lərinin də diqqət mərkəzində olub
Daşkənd, 17 iyun, AZƏRTAC
Özbəkistanın “qalampir.uz”, “tnews.uz”, “kun.uz”, “darakchi.uz” və “abiq.uz” portalları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, o cümlədən Şuşaya səfəri, bu qədim şəhərdə keçirilən görüşləri, imzalanan Bəyannamə haqqında materiallar yayıblar.
AZƏRTAC xəbər verir ki, materiallarda Qarabağ münaqişəsinin tarixindən, Ermənistanın zaman-zaman törətdiyi təxribatlardan, Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını azad etməsindən danışılır, müharibə vaxtı Türkiyənin Azərbaycana siyasi dəstək verdiyi bildirilir.
Materiallarda Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi haqqında məlumat verilir. Bəyannamədə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyi, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda, bölgəyə sülh və rifah gətirərək başda region ölkələri olmaqla, beynəlxalq sabitliyə, sülhə və maraqlara xidmət edəcəyi vurğulanır. Qeyd edilir ki, bu sənəd ölkələr arasında bütün sahələrdə əlaqələrin ən yüksək səviyyəyə çatdırılmasına zəmin yaradır.
Yazılarda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi bildirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd