Türkiyə səfiri “Qırmızı Körpü” gömrük postunun fəaliyyəti ilə tanış olub
Bakı, 12 iyul, AZƏRTAC
Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu, səfirliyinin ticarət müşavirləri Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti strukturlarının rəhbərləri ilə birlikdə Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunun fəaliyyəti ilə yaxından tanış olublar.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin nümayəndələri səfir C.Bağçıya tranzit daşımalar, "Yaşıl dəhliz" buraxılış sistemi, sərhədkeçmə proseslərinin təşkili, stasionar gömrük nəzarət baxış sistemləri barədə məlumat veriblər. Eyni zamanda, qardaş ölkənin səfiri gömrük postunda türkiyəli sürücülərlə görüşüb.