Türkiyə Superliqası: çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça" öz meydanında xallar itirib
Bakı, 4 mart, AZƏRTAC
Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbaxça” öz meydanında "Akhisar Bələdiyyəsport" klubuna öz meydanında 2:3 hesabı ilə məğlub olaraq vacib xallar itirib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesabı qonaqlar açıblar. Görüşün 14-cü dəqiqəsində Serginyo fərqlənib - 0:1. Bundan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan fənərbaxçalılar ikinci topu öz qapılarında görüblər. Yevqeni Seleznyov 35-ci dəqiqədə topu "Fənərbaxça"nın qapısından keçirib - 0:2.
Matçın 57-ci dəqiqəsində İstanbul təmsilçisinin heyətində Juliano hesab arasındakı fərqi azaldıb - 1:2. Bundan iki dəqiqə sonra Daniel Larsson qonaq komandanın üçüncü qolunu vurub. Altmış yeddinci dəqiqədə isə "Fənərbaxça"nın futbolçusu Hasan Alinin məhsuldar ötürməsini Aatif Şeyşu qola çevirərək hesab arasındakı fərqi yenidən minimuma endirib - 2:3.
Oyunun sonunda “Fənərbaxça”nın hesabı bərabərləşdirmək cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab dəyişməyib. Beləliklə, “Fənərbaxça”nın lider “Qalatasaray” və ikinci sıradakı “Başakşehir” ilə arasındakı xal fərqi altıya çatıb.
Qeyd edək ki, bu oyunadək cari mövsümdə "Fənərbaxça" öz meydanında oynadığı son 9 çempionat matçında məğlub olmamışdı.
Turun dünən keçirilmiş oyununda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalardan lider “Qalatasaray” “Karabükspor”u səfərdə 7:0, “Başakşəhər” isə öz meydanında “Göztəpə”ni 2:0 hesabı ilə məğlub edib.
İyirmi dördüncü tura martın 5-də keçiriləcək mərkəzi qarşılaşma olan “Trabzonspor”- “Beşiktaş” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda turnir cədvəlinə aktivində 50 xal olan “Qalatasaray” başçılıq edir. Eyni xala malik “Başakşehir” ikinci yerdə qərarlaşıb. “Beşiktaş” və “Fənərbaxça” 44 xalla 3-4-cü yerləri bölüşürlər.