Türkiyə və Rusiya nümayəndə heyətləri İdlibdəki vəziyyətə dair müzakirələri davam etdirirlər
Ankara, 10 fevral, AZƏRTAC
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşininin və Prezident Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin daxil olduğu nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, hərbçilərdən və təhlükəsizlik qüvvələri əməkdaşlarından ibarət heyət Ankarada İdlib böhranına dair fevralın 9-da başlanan müzakirələri davam etdiriblər.
Türkiyə Milli Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Təşkilatının (MİT), Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndələrindən ibarət heyətə Xarici İşlər nazirinin müavini Sedat Önal başçılıq edir.
Nümayəndə heyətlərinin görüşlərində Suriyanın İdlib bölgəsindəki hazırkı vəziyyət müzakirə olunub. Heyətlərarası danışıqları dəyərləndirən Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, əgər danışıqlar nəticə verməsə, vəziyyət iki ölkənin prezidentləri səviyyəsində müzakirə edilə bilər.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində antiterror əməliyyatı aparan hissələri yenidən hücuma məruz qalıb. Top atəşləri nəticəsində beş hərbçi şəhid olub, beşi yaralanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara