DÜNYA
Türkiyədə 16 il bundan əvvəl baş vermiş aviaqəzada həlak olanların nəşləri İspaniyaya göndəriləcək
Madrid, 19 dekabr, AZƏRTAC
16 ildən çox bundan əvvəl - 2003-cü il mayın 26-da Türkiyənin Trabzon şəhərindəki aeroportun yaxınlığında “Yak-42” təyyarəsi qəzaya uğrayıb. O vaxt Əfqanıstanda hərbi xidmət keçən 62 əsgər həmin qəzada həlak olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin hakimiyyət orqanları həmin qəzada həlak olmuş ispanların nəşlərini İspaniyaya göndərməyə hazırlaşırlar. Bütün nəşlər İspaniyanın Ankaradakı səfirliyinə təhvil veriləndən sonra onların İspaniyaya çatdırılmasına səfirliyinə hərbi attaşesi cavabdeh olacaq.
İspaniyanın hazırkı hakimiyyətinin nümayəndələrinin fikrincə, bu nəşlərin aşkar olunması bir daha göstərir ki, Xose Mariya Asnarın hakimiyyəti dövründə baş vermiş aviaqəza qurbanlarının cəsədlərinin toplanması və tanınması işində tələskənliyə yol verilib və sadəcə tənbəllik edilib. İspaniya milli məhkəməsi bir tibbi xidmət generalını və iki hərbi tibbi məhkəmə ekspertini mühakimə edib. Bu şəxslər aviaqəza qurbanlarından 30 nəfərinin ekshumasiya olunması və təkrar dəfn edilməsi üçün onların şəxsiyyətinin düzgün müəyyən edilməməsində ittiham üzrə mühakimə olunublar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid