Türkiyədə “1915-ci il hadisələri” mövzusunda beynəlxalq konfrans keçirilir
İstanbul, 20 aprel, AZƏRTAC
Türkiyədə “1915-ci il hadisələri” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən təşkil olunan konfransda qondarma erməni soyqırımı və həmin tarixlərdə baş verən hadisələr müzakirə edilir.
Pandemiya səbəbindən onlayn formatda baş tutan və üç fərqli paneldən ibarət olan tədbirdə dünyanın müxtəlif ölkələrindən tarixçilər və alimlər iştirak edirlər.
Türk Tarix Qurumunun rəhbəri professor Birol Çetin, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun və digərləri çıxışlarında müzakirə ediləcək məsələlərin və irəli sürüləcək fikirlərin 1915-ci il hadisələri ilə bağlı əsl həqiqətlərin ortaya çıxması baxımından vacibliyini vurğulayıblar.
Bildirilib ki, ermənilər tərəfindən “soyqırımı” kimi təqdim edilən 1915-ci il hadisələrinin tarixi sənədlərlə əksi sübut edilib və bu sübutların gələcək nəsillərə düzgün şəkildə çatdırılması vacibdir. Ermənilər hər zaman Türkiyə tərəfinin baş vermiş hadisələrlə bağlı arxivlərin açılması, hadisələrin tarixçilər və elm adamları tərəfindən araşdırılması təklifindən boyun qaçıraraq terror yolunu seçiblər. Xüsusilə 1940-1950-ci illərdə müxtəlif ölkələrdə bir çox türk diplomat bu səbəbdən qətlə yetirilib.
Qeyd edilib ki, ötən yüz il tarixin vacib qırılma nöqtələrinə səhnə olan müstəsna bir dövr olub. Tarixin bu dövrünün müxtəlif böyük qarşıdurmalara, o cümlədən Birinci Dünya müharibəsinə şahidlik etdiyi hər kəsə bəllidir. Təəssüf ki, Birinci Dünya müharibəsi zamanı təəssüf ki, Anadoluda insanları böyük ağrı-acılara qərq edən hadisələr də yaşanıb. Sarıqamış hadisələri zamanı minlərlə türk əsgəri donaraq şəhid olub. Qafqaz cəbhəsində Osmanlı torpaqlarına hücum edən rus ordusu ilə mübarizə aparan türk silahlı qüvvələrinə erməni qruplaşmaları düşmənlə əməkdaşlığa girərək xəyanət ediblər. Konfransa Türkiyə ilə yanaşı ABŞ, Rusiya, Almaniya, Fransa, İrlandiya kimi ölkələrdən akademiklər, tədqiqatçılar, mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir çox yüksək səviyyəli qonaqlar iştirak edirlər.
Üç paneldən ibarət konfransda “Tarixi proseslərdə 1915-ci il hadisələri və erməni məsələsi”, “1915-ci il hadisələrinə beynəlxalq hüquqi baxış” və “1915 hadisələrinin günümüzdə əksi və perspektivi” mövzuları müzakirə olunur.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul