Türkiyədə könüllülər kütləvi şəkildə “Yaşıl vətən”in keşiyinə qalxıblar
Marmaris, 3 avqust, AZƏRTAC
Türkiyə xalqı ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün səfərbər olub. Çoxminli könüllülər ordusu böhran bölgələrində təmənnasız xidmət üçün aidiyyəti qaydada müraciət etməkdə və prosesə cəlb olunmaqdadır. Bir sözlə, Türkiyədə könüllülər kütləvi şəkildə “Yaşıl vətən”in keşiyinə qalxıblar.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerində Muğla vilayətinin Marmaris bölgəsində böyük bir könüllü dəstəsinin üzvləri ilə həmsöhbət olub.
Buradakı böhran məntəqəsində hər kəs azərbaycanlı xilasedici və yanğınsöndürənlərin fədakarlığından ürək dolusu danışır. Eləcə də könüllülər Azərbaycanın yanğınsöndürmə qruplarının fəaliyyətini əsl qardaşlıq nümunəsi kimi dəyərləndirirlər. Könüllülərin rəhbəri Qədir Qurtuluş bildirib ki, Marmarisdə yanğınla mübarizə dəstəsində müxtəlif ixtisaslı, o cümlədən həkim, mühəndis və s. gənclər toplaşıblar.
Sumru Benligüc “Nə üçün könüllü oldunuz?” sualına qısa, lakin olduqca mənalı cavab verib: “Nə üçün olmayım?”. Bu suala başqa bir qadın könüllünün “Vətənim üçün” cavabı əslində qardaş Türkiyə xalqının “Yaşıl vətən”i yanğınlardan qorumaqda nə qədər qətiyyətli olmasının bariz göstəricisidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə çatıb. FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 320 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu da amansız meşə yanğınlarının söndürülməsinə cəlb olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Marmaris