DÜNYA
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsi anılır
Ankara, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Türkiyədə Cümhuriyyətin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatının 86-cı ildönümü ilə əlaqədar tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, hər il noyabrın 10-da saat 09.05-də (Atatürkün İstanbuldakı Dolmabaxça sarayında vəfatının dəqiq vaxtı) ölkədə bir dəqiqəlik sükut elan edilir.
Uzaqgörən dövlət xadimi və istedadlı sərkərdə hələ sağlığında istər Türkiyədə, istərsə də onun hüdudlarından kənarda şübhəsiz nüfuz və hörmətə malik olub.
Hər il noyabrın 10-da ölkənin hər yerində taleyüklü siyasi, sosial və mədəni islahatların başlanğıcında dayanan Türk xalqının Milli Azadlıq Hərəkatının liderinin xatirəsi ehtiramla yad edilir.
Bu gün Cümhuriyyətin bir çox şəhərlərində Atatürkün abidələri önünə əklillər qoyulacaq.
Ankarada Türkiyə Cümhuriyyətinin qurucusunun “Anıtkabir” məqbərəsində ölkənin rəhbər şəxslərinin iştirakı ilə rəsmi mərasim keçiriləcək.
Onu da qeyd edək ki, Mustafa Kamal Atatürkün vəsiyyətləri Türkiyədə gənc nəsil üçün hər zaman bələdçi olub və belə də qalır.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara