Türkiyəli ekspert: Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır
Ankara, 23 sentyabr, AZƏRTAC
Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin tezliklə normallaşması regional təhlükəsizlik və sabitlik baxımından çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin KAFKASSAM analitik mərkəzinin rəhbəri, professor Hasan Oktay deyib.
Mərkəz rəhbəri diqqəti ayrı-ayrı Qərb dövlətlərinin Rusiya ilə yeni gərginlik cəbhəsi yaratmaq məqsədilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdlərinə yönəldib: “Öz maraqlarını güdən ABŞ, Fransa və Niderland Cənubi Qafqazda sabitliyi pozmaq üçün Ermənistan kartından istifadə edirlər. Həmin dövlətlərin hərəkətləri Bakı ilə İrəvan arasında sülh prosesini ləngidir və bu, regiondankənar aktorların planlarına uyğundur”.
Ekspert qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə alternativin olmadığı tamamilə aydın olsa da, ziddiyyətlərin yeni mərhələsi üçün əsaslar yaradılır. “İrəvanın qərbyönümlü siyasəti və ayrı-ayrı qüvvələrin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyi xaosa və sabitliyin pozulması ssenarisinə gətirib çıxara bilər ki, bu da regionun bütün dövlətlərinə mənfi təsir göstərəcək”, - deyə Oktay vurğulayıb. O əlavə edib ki, 44 günlük Vətən müharibəsinin nəticələri fonunda Azərbaycan ilə Ermənistan arasında yeni münaqişənin yaranmasına heç bir səbəb qalmayıb.
Ekspert Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını dəstəkləyən və öz sərhədlərində yeni böhran ssenarisini rədd edən Türkiyənin mövqeyinə diqqət çəkib.
Hasan Oktay deyib: “Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması yeni nəqliyyat marşrutlarının açılması və birgə layihələr üçün imkanlar yaradacaq. Tarixdə, o cümlədən Aİ ölkələri arasında münasibətlərdə bunun çoxlu nümunəsi var. Əminəm ki, Cənubi Qafqaza müharibə yox, sülh lazımdır. Türkiyə, Azərbaycan və Ermənistanın iştirakı ilə üçtərəfli sülh sazişinin tezliklə imzalanacağını istisna etmirəm”.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara