Türkiyəli məşqçi: Azərbaycan gimnastları Avropa çempionatında uğurla çıxış edirlər
Bakı, 14 aprel, AZƏRTAC
Gimnastika üzrə Türkiyə milli komandası artıq bir neçə dəfə Bakıda yarışlarda iştirak edib. Lakin gənclərdən ibarət yığma komandamız ilk dəfədir Azərbaycanda turnirdə mübarizə aparır. Fərdi mübarizədə iki gimnastımız, sinxron cütlüklərin yarışında isə bir duetimiz finalda yarışacaq. Qələbə qazanacağımıza inanırıq.
Bu sözləri Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında iştirak edən Türkiyə millisinin tamblinq üzrə baş məşqçisi Şükrü Alp Arı AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Avropa çempionatının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Türkiyəli məşqçi deyib: “Mükəmməl təşkilatçılığa və yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirik. Bu cür yarışların yüksək səviyyədə təşkilində Azərbaycan Avropa ölkələrini də qabaqlayır”.
Azərbaycanlı idmançıların uğurlu çıxışlarından danışan Şükrü Alp Arı qeyd edib ki, ölkənizdə peşəkar idmançılar və güclü komanda artıq formalaşıb. Azərbaycan gimnastları beynəlxalq yarışlarda, o cümlədən bu çempionatda uğurla çıxış edirlər. İnanıram ki, yaxın gələcəkdə azərbaycanlı gimnastlar daha yüksək nəticələr qazanacaqlar.