Türkiyəli nazir: Heydər Əliyevin türk dünyası qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq
İstanbul, 21 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili “Heydər Əliyev ili” elan edib. Bu münasibətlə Ankarada keçirilmiş mərasimdə çıxış edən Türkiyənin ekologiya və şəhərsalma naziri Fatma Güldemet Sarı ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığının əbədiləşdirilməsi istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin 2016-cı ilin “Heydər Əliyev ili” elan olunması barədə qərarı yüksək mənəvi mahiyyətə malikdir.
Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünya üçün örnək olduğunu diqqətə çatdıran nazir AZƏRTAC-a müsahibəsində deyib: “Martın 13-də Ankarada törədilmiş terror aktı səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərinin ləğv edilməsi bütün xalqımızı məyus etmişdi. Belə bir vaxtda Prezident İlham Əliyevin Ankaraya səfər etməsi Türkiyədə böyük sevinclə qarşılandı. Bir daha əmin olduq ki, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə yönəlmiş məqsədyönlü siyasəti Azərbaycan dövlətinin başçısı tərəfindən uğurla davam etdirilir.
Ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaq”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul