TÜRKİYƏNİN BAŞ NAZİRİ ÖLKƏDƏ İĞTİŞAŞLARIN SƏBƏBLƏRİNİN ARAŞDIRILACAĞINI VƏD ETMİŞDİR
Ərdoğan bəyan etmişdir ki, hökumət millətçiliyin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparmaq əzmindədir. O demişdir: “Türkiyədə etnik millətçilik olmayacaqdır. Türk özünü türk, kürd özünü kürd, laz özünü laz, çərkəz özünü çərkəz adlandıra bilər. Biz regional və dini millətçiliyin də qəti əleyhinəyik. Hər bir vətəndaşın dini etiqad azadlığı ölkənin hakimiyyət orqanlarının təminatı altındadır”.
Baş nazir əsasən kürdlərin yaşadıqları bölgədə hökumətin sabitliyi təmin etməyə qadir olmadığı barədə müxalifətin kəskin tənqidinə cavab olaraq Hakkariyə getmişdir.
Hakkaridə gərginlik iki həftədir davam edir. İğtişaşlara noyabrın 9-da kitab mağazasında baş vermiş partlayış səbəb olmuşdur. Mağaza qanundankənar elan edilən Kürd İşçi Partiyasının fəallarından birinə məxsusdur. Partlayış nəticəsində bir nəfər həlak olmuş, bir neçə adam yaralanmışdır. Yerli sakinlər partlayışın təşkilində dərhal təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlılarını təqsirləndirmiş və əslində hər gün icazəsiz nümayişlər keçirməyə başlamışlar. Vilayətdə toqquşmalar nəticəsində beş nəfər həlak olmuş, 50-dək adam yaralanmışdır.
İğtişaşlar Türkiyənin digər rayonlarına da keçmişdir. Bazar günü ölkənin cənubundakı Mərsin şəhərində polislə toqquşmalarda bir nəfər ölmüş, iki adam xəsarət almışdır. İstanbulda da hüquq mühafizə orqanları ilə kürd fəalları arasında toqquşmalar baş vermişdir.