TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN ÇIXIŞI
- Hörmətli dövlət başçıları!Hörmətli parlamentin sədri!
Hörmətli Baş nazir, nazirlər!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizləri belə mühüm açılış mərasimində ən səmimi duyğularla salamlayıram. Yeni Tbilisi beynəlxalq hava limanının açılışı münasibətilə burada olmağımdan böyük məmnunluq duyduğumu xüsusi bildirmək istəyirəm.
Bu gün Gürcüstan, həqiqətən, beynəlxalq standartlara uyğun müasir bir hava limanına sahib olur. Bunun bir türk şirkəti TAV tərəfindən tikilməsi bizim üçün qürur qaynağıdır. İki ölkənin alın təri ilə həyata keçirilən bu layihə Türkiyə ilə Gürcüstan arasında son illərdə hər sahədə böyük inam qazanan və bu inamın bəhrəsi olaraq güclənən əlaqələrin bariz bir nümunəsidir.
Gürcüstan müvəffəqiyyətlə gerçəkləşdirdiyi islahatlarla xarici sərmayədarlar üçün, xüsusilə beynəlxalq sərmayələr üçün cazibədar ölkəyə çevrilmişdir. Önümüzdəki aylarda yenə TAV şirkəti tərəfindən tamamlanacaq Batumi hava limanı hər iki ölkənin ortaq işbirliyinə xidmət edəcəkdir. Türkiyə Böyük Millət Məclisində qəbul etdiyimiz qərardan sonra Türkiyə ilə Gürcüstan Batumi hava limanından müştərək istifadə edəcəklər. Bu və buna oxşar layihələr yalnız iki ölkə arasındakı əlaqələr baxımından önəm daşımır, eyni zamanda, xalqlarımızın bir-birini daha yaxşı tanımaları və yaxınlaşmaları baxımından da çox böyük önəmi vardır.
Hər gün Türkiyə ilə Gürcüstan arasında təyyarə reysləri həyata keçirilir. Biz bu gün sənəd imzalamaqla həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirdik. Artıq bir çox sahədə, xüsusilə Bakı-Tbilisi-Ceyhan ilə bağlı atdığımız addımlar dünya üçün əhəmiyyətli olmuşdur. Bunun ardından Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Şahdəniz” layihəsi Avropa üçün faydalı olmuşdur. Atılan digər bir addım isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bundan başqa, bugünkü işbirliyimizin əsəri olan Tbilisi beynəlxalq hava limanı açılır.
Bir ildir ki, iki ölkənin vətəndaşları qarşılıqlı olaraq səfərlər edirlər. Gürcüstanın müasir hava limanına malik olması ilə ikitərəfli ticari və iqtisadi əlaqələrimiz inkişaf edəcək, bu ölkənin Türkiyə və dünya ilə əlaqələri güclənəcəkdir.
Bu mərasimə qatılaraq, bizləri şərəfləndirən Azərbaycanın Prezidenti, çox dəyərli qardaşım İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Gürcüstanın dövlət başçısı, hörmətli Mixail Saakaşviliyə və qonaqpərvərliyə görə Gürcüstan xalqına ən səmimi təşəkkürlərimi çatdırıram. TAV və digər əməyi olan şirkətlərə bundan sonrakı fəaliyyətlərində uğurlar diləyirəm. Bu hava limanının Gürcüstan xalqına xeyirli olmasını arzu edirəm. Diqqətinizə görə sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.