DÜNYA
Türkiyənin “Baykar Makine” şirkətinin məhsulları dünyanın 40-dan çox ölkəsinə ixrac edilir
İstanbul, 26 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin “Baykar Makine” şirkəti ölkəxarici müqavilələrin 97,5 faizini ixrac əsasında imzalayıb. Şirkət “Bayraktar TB2” SİHA üçün 33 ölkə, “Bayraktar AKINCI” TİHA üçün isə bu günə qədər 10 ölkə ilə ixrac müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, ötən il ixracatdan 1,8 milyard ABŞ dolları məbləğində gəlir əldə edən “Baykar” Türkiyədə bütün sektorlar üzrə ilboyu ən çox ixracat edən ilk 10 şirkətdən biri olub.
Son illər ərzində gəlirlərinin 90 faizindən çoxunu ixracdan əldə edən “Baykar” 2023-cü ildə ölkə üzrə müdafiə və aerokosmik sektorda ixracın üçdəbirini həyata keçirib. Şirkət 2021-2023-cü illər arasında Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsi və Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən ölkənin müdafiə və aviasiya sənayesinin ixracat lideri seçilib.
Hazırda “Baykar Makine” şirkəti Türkiyə tarixinin ən böyük layihələrindən biri olan “Bayraktar KIZILELMA”nın hazırlanması üzərində işlər aparır. Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq “Bayraktar KIZILELMA”nın istehsal prototipi ilk sınaq uçuşunu uğurla başa vurub. Bununla da təyyarənin təkmilləşdirilməsi prosesində daha bir mühüm mərhələ uğurla başa vurulub və bu proses tam sürətilə davam edir. Bu çərçivədə ilk uçuşdan əldə edilən təcrübə sayəsində istehsal prototipində əhəmiyyətli dəyişikliklərə gedilib.
Qeyd edək ki, 2021-ci ildə layihələndirilən “Bayraktar KIZILELMA” artıq “Texnofest 2023” texnologiya müsabiqəsi çərçivəsində dünya aviasiya tarixində bənzərsiz uçuşlara imza atıb. Xüsusilə qısa uçuş-enmə zolağına sahib amfibiya gəmilərində məharətlə eniş və qalxış edəbilmə qabiliyyətinə malik “Bayraktar KIZILELMA”nın bununla hərb tarixində inqilab edəcəyi gözlənilir.