Türkiyənin İğdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub







































Ankara, 23 may, AZƏRTAC
Türkiyənin şərqindəki İğdır şəhərində “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Qarsdakı Baş Konsulluğu, Türkiyənin İğdır vilayəti valiliyinin administrasiyası və Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə baş tutub.
Konsertə gələnlər arasında İğdır valisi Ercan Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, İğdır Universitetinin rektoru, professor Ekrem Gürel, ölkəmizin Qarsdakı baş konsulu Zamin Əliyev və başqaları olublar.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və digər rəsmi şəxslər mədəni tədbirin iştirakçıları qarşısında çıxış edərək Türkiyə və Azərbaycan xalqlarını tarixən birləşdirən qardaşlığı və əlaqələrin sarsılmazlığını vurğulayıblar.
İğdırdakı “Milli bağ” parkında Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış Azərbaycanın milli geyimləri nümayişi olunub.
Daha sonra Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov və Əməkdar artist Rəvanə Qurbanovanın çıxışları olub.
İğdır və ətraf vilayətlərin sakinləri Türkiyə və Azərbaycan bayraqları ilə ölkəmizə həsr olunmuş mədəni tədbirlərin davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara