Türkiyənin Sivas və Baybut şəhərlərində “Aşıq Veysəl-2019” konsert proqramları təşkil olunub
Ankara, 2 may, AZƏRTAC
Sivas və Baybut şəhərlərində “Aşıq Veysəl-2019” ili çərçivəsində Türkiyənin görkəmli el sənətkarına həsr olunan anma mərasimləri təşkil olunub.
TÜRKSOY-dan AZƏRTAC-a verilən məlumata görə, mərasimlərdə Aşıq Veysəl yaradıcılığına həsr olunan geniş konsert proqramları keçirilib.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə TÜRKSOY-u Azərbaycanın bu təşkilatdakı rəsmi nümayəndəsi Elçin Qafarlı təmsil edib.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Kastamonuda keçirilən 36-cı iclasında Oş şəhəri “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilib və 2019-cu il anadan olmasının 650-ci ildönümü ilə əlaqədar İmadəddin Nəsimi və anadan olmasının 125-ci ildönümü münasibətilə Aşıq Veysəl ili elan edilib. Türk dünyasının ayrı-ayrı şəhərlərində hər üç mövzuda silsilə tədbirlər keçirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara