TÜRKİYƏNİN TƏHSİL NAZİRİ QARDAŞ ÖLKƏNİN AZƏRBAYCANDA TƏHSİL ALAN TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Görüşü universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Abel Məhərrəmov açaraq qonaqları səmimi salamlamış, rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat vermişdir.
Hüseyin Çelik gənclərin Türkiyənin gələcəyi olduğunu qeyd etmiş və onların biliklərə yiyələnməsinin vacibliyini vurğulamışdır. Nazir bildirmişdir ki, ölkəsinin dövlət büdcəsində ən çox vəsait ayrılan sahə təhsildir. Məsələn, bu il təhsil sahəsinə 20 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Natiq bunun səbəbini də izah etmişdir. Onun sözlərinə görə, istiqlalı silahlı ordu qoruyub saxlayırsa, istiqbalı qələmli ordu təmin edər. Ona görə də dövlət gəncliyin inkişafına vəsait yatıranda bunu gələcəyə yatırılmış vəsait hesab edir. Biz sizin yaxşı mütəxəssis olub geri qayıtmağınızı istəyirik.
Nazir, ölkəsində ali məktəblər, türk gənclərinin xaricdə təhsil alması, onların gələcək taleyi barədə də danışmışdır. Məlumat vermişdir ki, türkiyəli tələbələr sayca ən çox Azərbaycandadır. Təkcə Bakı Dövlət Universitetındə onların sayı 700 nəfərdir.
Hüseyin Çelik gənclərin yataqxana, vətənə gediş-gəliş xərcləri, diplomlarının tanınması və s. barədə qaldırdıqları məsələlərə aydınlıq gətirmişdir.
Görüşdə Bakı Dövlət Universitetinin prorektoru, professor Nərgiz Paşayeva, təhsil nazirinin müavini Elmar Qasımov və Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı iştirak etmişlər.