Türkmənistan Prezidenti “Lyapis Lazuli” nəqliyyat dəhlizi tikintisinin müzakirəsini fəallaşdırmağa çağırıb
Türkmənbaşı, 2 may, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov BMT Avropa İqtisadi Komissiyası (BMT AİK) və Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya (ASOİSK) çərçivəsində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə (“Lyapis Lazuli”) nəqliyyat dəhlizi tikintisinin müzakirəsini fəallaşdırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu çağırışı Türkmənbaşı şəhərində keçirilən “Böyük İpək yolu - inkişafın yeni mərhələlərinə” Beynəlxalq Forumunda çıxışında səslənib.
Türkmənistan prezidenti əminliklə bildirib: “Türkmənistan TRASEKA proqramının fəal tərəfdaşı və iştirakçısı kimi çıxış etməyə hazırdır. Mərkəzi Asiyadan Qərbə doğru nəqliyyat dəhlizinin formalaşması Böyük İpək Yolunun dirçəldilməsi və Avrasiyada dünyanın iki iqtisadi qütbünün keyfiyyətcə yeni meyarlar əsasında birləşdirilməsi kimi ambisiyalı məqsədlərin reallaşması kontekstində çox böyük əhəmiyyət kəsb edir.
Türkmənistan həmişə qətiyyətlə bildirib ki, özünün zəngin resurs bazasından, infrastrukturundan və əlverişli coğrafi mövqeyindən Avrasiyada müasir inkişafın obyektiv tələblərinə cavab verən yeni konfiqurasiyaların və əməkdaşlıq modellərinin formalaşması, beynəlxalq iqtisadi, ticari və investisiya tərəfdaşlığının mənafeyi naminə istifadə etməyə hazırdır. Türkmənbaşı beynəlxalq limanının tikintisi ölkəmizin bu prosesə real və sanballı töhfəsi olub. Yeni liman Böyük İpək Yolunun ən mühüm elementi, onilliklər boyu bərabərhüquqlu, səmərəli və qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıq üçün geniş açılmış qapı olacaq!
“Lyapis Lazuli” marşrutu barədə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında saziş keçən ilin sonunda Aşqabadda keçirilmiş Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA VII) imzalanıb. Bu layihənin həyata keçirilməsi regionun iqtisadi inteqrasiyasını gücləndirməyə və ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. “Lyapis Lazuli” layihəsi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Bu nəqliyyat dəhlizi, eyni zamanda, Mərkəzi və Cənubi Asiya, Xəzər dənizi və Qara dəniz hövzələri, Aralıq dənizi regionlarını əhatə edən geniş geoiqtisadi məkanda əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Türkmənbaşı