Türkmənistan Prezidentinin “Türkmənlərin mənəvi dünyası” kitabı Azərbaycan dilində nəşr edilib
Bakı, 18 yanvar, AZƏRTAC
Əcdadların təcrübəsini qorumaq və onları gələcək nəsillərə ötürmək qarşımızda duran qaçılmaz borcdur. Bizim dövrün ruhunu əks etdirən bir fəlsəfə yaratmağın zərurətini mən bunda görürəm. O xalq xoşbəxtdir ki, okean kimi nəhayətsiz əxlaqı var və maddi sərvətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr edilmiş “Türkmənlərin mənəvi dünyası” kitabında yer alır.
Kitab “MADDOX Group” kompaniyasının dəstəyi ilə “Şərq-Qərb” ASC-nin mətbəəsində nəfis tərtibatla nəşr olunub.
Türkmənistana qiyabi səyahət təsiri bağışlayan kitab türkmən xalqının rəvayətləri, əfsanələri, el məsəlləri ilə zəngindir. “Yerin və göyün himayəsində olan diyar” adlı bölmədə Türkmənistan Prezidenti bəşəri dəyərlərin bizim zəmanənin mühüm prinsiplərinin təməli olduğunu vurğulayaraq fikrini belə əsaslandırır: “Çünki bəşər tarixinin keşməkeşli gedişi insan üçün nəyin əsas olduğunu dəqiq ifadə edir. Müasir dövr tarixi ziddiyyətləri arxada qoyaraq təsdiq etdi ki, mövcudiyyətin mənası, ilk növbədə, bəşəri dəyərlərə hörmətdən başlanır. Bu, elmin, təlimin, təməlində insana qayğının durduğu və özündə bütün aləmin daim hərəkətdə olduğu barədə ideyaları ifadə edən biliklərin təntənəsi dövrüdür”.
Hazırda Türkmənistan dünyanın bütün dövlətləri ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlıq edir. Bu, türkmən xalqının çoxəsrlik həyat təcrübəsinin daim mükəmməlləşməsinin göstəricisidir. Türkmənistanda Qəhrəman-Arkadağın müdrik rəhbərliyi ilə dünya xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş vəzifələr reallaşır. Qədim mənbələrin zaman keçdikcə yeni məzmun kəsb etməsi barədə sarsılmaz həqiqətlər daha bariz təzahür edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda bu həqiqətlər özünün parlaq ifadəsini tapır.
Türkmənistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu ölkənin daimi Bitərəflik statusunun 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan dilində nəşr edilmiş “Türklərin mənəvi dünyası” kitabının Aşqabadda təqdimat mərasimi olub. Bu kitabın Azərbaycan dilində nəşri ölkələrimiz arasında ənənəvi qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə töhfə verəcək.
Kitabda yer alan “Dünyanın rifahı əbədi həyatın rəhnidir”, “Təhsil və elm həyatını işıqlandırır”, “Sağlamlıq rifahdır”, “Əməyə məhəbbət mərdlik mənbəyidir”, “Qonaqpərvərlik”, “Dostluğun nəcib ənənələri”, “Vicdan”, “Birlik”, “Zəka işığı”, “Qoy tərəqqi yolunuz işıq saçsın!”, “Yozumunu oxucuya buraxdığım əfsanələr” kimi bölmələr də maraqla oxunur.
Kitabı Azərbaycan dilinə İlqar Əlfioğlu tərcümə edib.