TURNİRİN İLK QALİBLƏRİ DEBÜTANTLARDIR
Qalibə fəxri mükafatı gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Tennis Federasiyası sədrinin müavini İlham Quliyev təqdim etmişlər.
Xatırladaq ki, S.Şapatava həmyerlisi Teona Sertsvadze ilə birlikdə qoşa yarışlarda Azərbaycan çempionu Elina Həsənova və gürcü Sofiya Kvatsabayaya qalib gəlmişlər. Azərbaycan çempionu, gərgin mübarizəyə baxmayaraq, tək yarışlarda yarımfinaladək gəlib çıxmış və turnirin liderlərindən biri olmuşdur.
Dünya Tennis Assosiasiyasının (DTA) xətti ilə keçirilən və mükafat fondu 10 min dollar olan “Baku Cup-2006” Azərbaycanda ilk dəfə keçirilmişdir. DTA oyunların keçirilməsi və idmançıların istirahəti ilə bağlı şəraitin beynəlxalq standartlara tam uyğun gəldiyi halda yarışların təşkilinə lisenziya verir. Ümumi rəyə görə, Azərbaycan Tennis Federasiyası turnirə yaxşı hazırlaşmış və oyunları uğurla keçirmişdir. Ona görə “Baku Cup-2006” tamamilə ənənəvi ola və beynəlxalq təqvimə daxil edilə bilər. Lakin bunun üçün təkcə milli federasiyanın deyil, sponsorların da səyləri vacibdir.
Yarışların baş hakimi, tanınmış beynəlxalq hakim və tennis oyunlarının təşkilatçısı, peterburqlu Valeri Lutkov əmindir ki, idmanın, o cümlədən böyük tennisin inkişafına xüsusi diqqət yetirilən Azərbaycanda belə mötəbər turnirlər mütləq keçirilməlidir. O demişdir ki, artıq ilk yarış İspaniya, İtaliya, Rusiya kimi ölkələrin idmançılarında maraq doğurmuşdur. Əminəm ki, yaxın vaxtlarda Bakı kortlarında dünya tennisinin ulduzlarını da görə biləcəyik. V.Lutkov Azərbaycan torpağında göstərilən qonaqpərvərliyə görə iştirakçılar adından təşəkkürünü bildirmişdir.