Üç ayda “Şərq” vaqon deposunda 202 vaqonun cari və depo təmiri həyata keçirilib
Bakı, 16 aprel, AZƏRTAC
Birinci rübdə “Şərq” vaqon deposunda 202 vaqonun cari və depo təmiri həyata keçirilib.
“ADY Express” MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. Bu məqsədlə “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.
Koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısının göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq “ADY Express” “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini təmin etmək üçün bütün lazım olan tədbirlər həyata keçirilib. Depoda növbəli iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu vasitələrlə təmin ediliblər.
Bunun nəticəsində “Şərq” vaqon deposunda vaqonların təmiri prosesi dayandırılmayıb. Deponun nəzdində fəaliyyət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılır. Mürəkkəb şəraitdə davam etdirilən istehsalat prosesi, yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradır. Cari ilin ilk 3 ayı ərzində “Şərq” vaqon deposunda 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onların arasında 94-ü çən vaqon, 42-si yarımvaqon, 4-ü örtülü vaqon, 51-i refrejirator və 11-i platforma olub.
“Şərq” vaqon deposu 2018-ci ilin aprelindən “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə başlanılıb. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir.