“Üç nəsil, bir soyqırımı” sərgisi Niderlandın Aalten şəhərində də təşkil edilib
Bakı, 5 yanvar, AZƏRTAC
Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Üç nəsil, bir soyqırımı” adlı fotosərgi bu dəfə Niderland Krallığının Aalten şəhərində keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sərgidə 1992-ci ildə Xocalıda, eləcə də Azərbaycanın işğal olunmuş digər ərazilərində çəkilmiş və ermənilərin törətdikləri soyqırımı aktlarını əks etdirən 125 foto nümayiş olunub.
Sərginin təşkilatçısı, Azərbaycan Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın Aalten şəhərinin bu sərgi üçün təsadüfi seçilmədiyini deyib. Bildirib ki, Aalten İkinci Dünya müharibəsi zamanı alman faşistlərinin təcavüzünə daha çox məruz qalan şəhərlərdən olub. Əhalisinin bir hissəsi faşistlər tərəfindən vəhşiliklə qətlə yetirilən Aaltenin sakinləri müharibənin ağrısını hələ də ürəklərində daşıyırlar. Məhz bu səbəbdən aaltenlilərin Xocalı faciəsini daha dərindən anlayacağını düşünərək fotoların sərgisi üçün bu şəhər seçilib.
Sərginin açılışında çıxış edənlər 23 il əvvəl bir gecədə Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş vəhşiliklər, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi, etnik təmizləmə siyasəti aparması barədə məlumat veriblər.
Sərgidə, həmçinin 1905-ci, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar, hələ çar Rusiyası zamanında qədim İrəvan xanlığının erməniləşdirilməsi barədə məlumat verilib, faktlar səsləndirilib, videokadrlar nümayiş etdirilib. Sərgi çoxlu sayda tamaşaçı tərəfindən ziyarət edilib və nümayiş olunan fotolar onlarda dərin təəssüratlar yaradıb.
Xatırladaq ki, “Üç nəsil, bir soyqırımı” sərgisi daha əvvəl Brüsseldə və Haaqada nümayiş etdirilib. Aaltendən sonra Niderlandın digər şəhərlərində də sərginin təşkili planlaşdırılıb.